UEFA Çempionlar Liqasında qrup mərhələsi sona yaxınlaşır. E qrupunda “Atletiko Madrid” Niderlandda “Feyenoord”un qonağı olub. 14-cü dəqiqədə Lyutsarel Gertrudanın vurduğu avtoqolla Madrid klubu önə çıxıb. Qonaqlar fasilədəm sonra fərqi artırıblar. 57-ci dəqiqədə Mario Hermoso diqqət mərkəzinə düşüb. 77-ci dəqiqədə Mats Viffer qollardan birinin əvəzini çıxsa da, “Feyenord” daha artığına nail ola bilməyib. Sona yaxın meydan sahiblərindən Santyaqo Ximenes də avtoqol müəllifi olaraq yekun nəticəni müəyyənləşdirib: “Feyenoord” – “Atletiko Madrid” 1:3.
“Latsio” “Seltik”i Çiro İmmobilenin dublu sayəsində məğlub edib. 62-cı dəqiqədə meydana daxil olan İtaliyalı hücumçu 82 və 85-ci dəqiqələrdə fərqlənərək mübarizəyə nöqtə qoyub. Bununla da “Atletiko Madrid” xallarının sayını 11-ə çatdıraraq lider mövqeyini qoruyub. “Latsio” 10 xalla 2-cidir. Beləliklə hər 2 komandanın pley-ofa çıxdığı dəqiqləşib. 6 xalla 3-cü olan “Feyenoord” mübarizəni Avropa Liqasında davam etdirəcək. 1 xalla sonuncu olan “Seltik” avrokuboklarla vidalaşıb.
F qrupunda “Borussiya Dortmund” ardıcıl 3-cü qələbə sayəsində 1/8 finala yüksəlib. Almaniya klubu “San Siro”da “Milan”dan üstün olub. 6-cı dəqiqədə Olivye Jiru penaltidən yararlana bilməyib. Əvəzində çox keçmədən Marko Roys 11 metrlik zərbəni dəqiq yerinə yetirərək hesabı açıb. 37-ci dəqiqədə Samurl Çukvueze tarazlığı bərpa edib. Dortmund klubu fasilədən sonra 2 qol vuraraq qələbəni təmin edib. Əvvəlcə Ceymi Bayno Gittens daha sonra Kərim Adeyemi rəqibin qapısına yol tapıb: “Milan” – “Borussiya Dortmund” 1:3
“Pari Sen Jermen” – “Nyukasl” oyununda qalib müəyyənləşməyib. 24-cü dəqiqədə Aleksandr İsak qonaqları irəli çıxarıb. Paris klubu final fitinə saniyələr qalmış məğlubiyyətdən xilas olub. Kilian Mbappe penaltidən yararlanıb: Pari Sen-Jermen - Nyukasl 1:1.
F qrupunda pley-offa yüksələn “Borussiya Dortmund” 10 xal toplayıb. 3 xal geri qalan PSJ 2-ci, “Nyukasl” və “Milan” 5 xalla 3-4-cü yerlərdədir.